15 İyun 1993 – Müasir Azərbaycanın xalq-iqtidar birliyinin və bütövlüyünün uğurlu və strateji hədəfidir

Tarixi reallıqlar sübut edir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən dərin iqtisadi və siyasi böhran respublikanın mövcudluğunu sual altına almışdı. Ölkənin müxtəlif bölgələrində fəallaşan separatçı silahlı qruplaşmalar hakimiyyət uğrunda açıq mübarizəyə başlamışdılar. Parçalanmaqda olan ölkəni vətəndaş müharibəsindən qurtarmaq üçün xalq öz liderini, Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.

Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarixi gündən etibarən Azərbaycanın tənəzzül və xaos dövrü başa çatdı. Dövlət həyatında köklü islahatlara başlanıldı, asayiş və qayda-qanun bərqərar edildi, silahlı dəstələr dərhal tərksilah edildi.

Ulu Öndərin başladığı ordu quruculuğu dövlətin gələcək taleyini həll edən əsas amillərdən birinə çevrildi. Eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə keçid, kənd təsərrüfatı islahatları xalqın rifahını yaxşılaşdırdı. Ölkənin hərbi və iqtisadi potensialının artırılması milli təhlükəsizliyin tam zəmanəti oldu. Heydər Əliyev məktəbinin ləyaqətli davamçısı olan cənab Prezident İlham Əliyev ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ deməklə xalqımızın tarixi arzusunu həqiqətə çevirdi. Rəşadətli Ordumuzun 44 günlük müharibədə qazandığı Zəfər 15 İyun Qurtuluş günündən başlanan yolun ən uca və ən müqəddəs zirvəsidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu