15 İyun 2021-ci İl Bəyannaməsi: bölgədə iqtisadi və siyasi inteqrasiya proseslərinin möhkəm, dəyişməz bünövrəsidir

2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin tamamilə yeni mərhələsinin əsasını qoydu. Bu sənəd həm də Atatürkün ‘Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’ və Heydər Əliyevin ‘Bir millət, iki dövlət’ kəlamlarının praktiki təcəssümüdür. Bəyannamə ölkələrin iqtisadi qüdrətini artırmaq üçün geniş imkanlar açır.

Qarşılıqlı investisiya qoyuluşlarının artması, Orta Dəhlizin inkişafı və strateji layihələrin birgə icrası iki dövlətin qlobal iqtisadiyyatdakı mövqelərini daha da gücləndirir. Eyni zamanda, azad edilmiş ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı qardaşlığın bariz nümunəsidir. Qeyd olunan amillər əyani şəkildə təsdiqləyir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi heç bir kənar xarici qüvvənin təsirinə məruz qala bilməz.

Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, hərbi texnologiyaların birgə istehsalı və kadr hazırlığı kimi amillər ölkələrimizin hərbi-siyasi çəkisini yüksəldir. Bu ittifaq regiona hər hansı xarici müdaxilənin qarşısında aşılmaz bir sədd yaradır. Sonda əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütün bölgə xalqlarının rifahına hesablanmış sülh paktıdır. Qardaşlığımız bu sənəddən güc alaraq əsrlər boyu yaşayacaqdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu