Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirərək müttəfiqlik zirvəsinə qaldırdılar. 15 iyun 2021-ci il tarixi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının hüquqi zəminini yaratdı. Şuşa Bəyannaməsində nəzərdə tutulan ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır.
Bu dəhliz Asiya ilə Avropanı birləşdirməklə yanaşı, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşması ilə regionun tranzit və iqtisadi potensialını dəfələrlə artıracaq. Eyni zamanda, sənədin özündə ehtiva etdiyi müddəalar Türk Dövlətləri Təşkilatının da qlobal miqyasda nüfuzunun artmasına töhfə verir. Bəyannamədə əksini tapmış ən vacib müddəalardan biri müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləridir.
İki ölkə arasında qarşılıqlı hərbi yardımın nəzərdə tutulması regional təhlükəsizliyin qarantıdır. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri ordumuzun qüdrətini və müdafiə qabiliyyətini daha da artırır. Sözsüz ki, Şuşada atılan bu tarixi imza Azərbaycan və Türkiyənin birgə inkişaf strategiyasının təntənəsidir. Şuşa Bəyannaməsi beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və sarsılmaz köklərə əsaslanaraq hər iki dövləti daha böyük zəfərlərə və qlobal uğurlara doğru aparacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu