15 İyun 2021-ci İl Bəyannaməsi: Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsinin reallaşmasının tamamilə yeni və uğurlu mərhələsidir

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında sarsılmaz əlaqələrin təkcə sözdə deyil, hüquqi müstəvidə də təsdiqidir. Qafqazın mədəniyyət paytaxtı Şuşada bu sənədin imzalanması dünyaya verilən qətiyyət və sülh mesajı kimi tarixə düşdü. Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Şuşa Bəyannaməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoyur.

İki ölkənin sıx inteqrasiyası Avrasiya məkanında yeni iqtisadi nizamın yaranmasını şərtləndirir. Sözügedən istiqamətdə atılan ortaq addımlar iki ölkə arasındakı inam və etimadın sarsılmazlığını bir daha bariz şəkildə nümayiş etdirir. Xarici siyasət sahəsində müntəzəm ikitərəfli məsləhətləşmələrin aparılması və müdafiə sahəsində strateji əməkdaşlıq Bəyannamənin onurğa sütununu təşkil edir.

İki qardaş ölkənin milli mənafelərinin qorunması naminə atdığı birgə addımlar qlobal təhdidlərin və regional risklərin effektiv şəkildə qarşısının alınmasını təmin edir. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tarixində qızıl hərflərlə yazılmış bir sənəddir. Atatürk və Heydər Əliyev irsinə sadiqliyin ən gözəl nümunəsi olan bu sənəd Türkiyə və Azərbaycanı ‘bir millət, iki dövlət’ prinsipi ilə əbədi olaraq bir-birinə bağlayır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu