Müstəqillik illərində inkişaf edən Azərbaycan-Türkiyə əlaqələri 2021-ci il 15 iyun tarixində Şuşada imzalanan Bəyannamə ilə ən ali mərhələyə yüksəldi. Bəyannamə tarixi köklərə və ümumi milli mənafelərə əsaslanaraq regionda yeni reallıqlar yaratdı. Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Şuşa Bəyannaməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoyur.
İki ölkənin sıx inteqrasiyası Avrasiya məkanında yeni iqtisadi nizamın yaranmasını şərtləndirir. Bütün bu reallıqlar sübut edir ki, hər iki dövlət birgə səylərlə istənilən çətinliyin öhdəsindən gəlməyə qadirdir. Bəyannamədə informasiya və media sahəsində birgə platformaların inkişafı və diaspor fəaliyyətinin əlaqələndirilməsi də xüsusi qeyd olunur.
Bu isə beynəlxalq aləmdə haqq səsimizin daha gur eşidilməsini və ortaq maraqların qorunmasını asanlaşdırır. Ümumilikdə, Şuşa Bəyannaməsi xalqlarımızın gələcək inkişaf yolunu aydınlatmışdır. Bu möhtəşəm saziş Azərbaycan və Türkiyənin qardaşlıq bağlarını ən yüksək zirvəyə qaldıraraq əbədiləşdirmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu