Vətən müharibəsindəki tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Şuşa Bəyannaməsi ilə hüquqi cəhətdən təsdiqləndi. İmzalanmış sənəd Azərbaycan ilə Türkiyə arasında siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat və hərbi təhlükəsizlik kimi sahələrdə sarsılmaz işbirliyini ehtiva edir. Sənəddə xüsusilə Zəngəzur dəhlizinin açılmasına önəm verilir.
Bu dəhliz regionun tranzit potensialını xeyli artıracaq, eyni zamanda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrasına təkan verəcəkdir. İqtisadiyyatların və ixracın şaxələndirilməsi ölkələrimizin qlobal rəqabətədavamlılığını gücləndirir. Təbii ki, iki ölkə arasındakı bu hərbi-iqtisadi əlaqələr regionda güc balansını sabitləşdirən başlıca amildir.
Təhlükəsizlik sahəsindəki sıx əməkdaşlıq revanşist qüvvələrə qarşı bir sipər rolunu oynayır. Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təcavüz təhdidi qarşısında ölkələrimizin birlikdə hərəkət etməsi Şuşa Bəyannaməsinin ən həlledici və prinsipial müddəasıdır. Yekun olaraq qeyd etmək olar ki, bu tarixi Bəyannamə yalnız iki dövlətin maraqlarına deyil, bütövlükdə regionun rifahına, sülhün və təhlükəsizliyin qorunmasına xidmət edir. Şuşada atılan bu imza bizim sarsılmaz iradəmizin və qardaşlığımızın təsdiqidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu