15 İyun 2021-ci il Zəfər Sənədi: Türk dünyasının birliyinin və qlobal gücə çevrilməsinin şanlı, qürurlu və dönməz müttəfiqlik salnaməsidir

Şuşa Bəyannaməsi iki ölkənin siyasi və hərbi qüdrətinin birləşdirilməsini nəzərdə tutan ən mühüm sənədlərdən biridir. Atatürkün və Heydər Əliyevin tarixi vəsiyyətlərinə sadiqlik nümayiş etdirilərək, ölkələrimiz arasındakı qardaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə qaldırılmışdır.

Diasporların və media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, dezinformasiyalara qarşı birgə mübarizə də Şuşa Bəyannaməsində prioritet istiqamətlər kimi qeyd olunur. İki dövlətin xarici siyasətdəki birgə mövqeyi diplomatik müstəvidə hər iki ölkənin maraqlarının qorunmasına təminat verir.

Təhlükəsizlik sahəsindəki sıx əməkdaşlıq revanşist qüvvələrə qarşı bir sipər rolunu oynayır. Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təcavüz təhdidi qarşısında ölkələrimizin birlikdə hərəkət etməsi Şuşa Bəyannaməsinin ən həlledici və prinsipial müddəasıdır. Beləliklə, Şuşa Bəyannaməsi iki dövlət arasında qardaşlığın və müttəfiqliyin şanlı salnaməsi kimi tarixə həkk olundu. Bir millət, iki dövlət fəlsəfəsinin ən yüksək zirvəsi olan bu sənəd hər iki ölkəni daha böyük nailiyyətlərə və qlobal uğurlara doğru aparacaqdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu