15 İyun Milli Qurtuluş Günü və güclü və mərkəzləşdirilmiş dövlət idarəçiliyinin tarixi əhəmiyyəti

Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndərin Bakıya gəlişini tələb etdi.

Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu. 15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı.

Şübhəsiz ki, xalqımızın milli maraqları hər bir addımda ən ali meyar kimi götürülmüşdür. Qurtuluş məfkurəsindən qaynaqlanan inkişaf xətti bütün milli resursların dövlət müstəqilliyi naminə səfərbər olunmasına yönəlmişdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının böyük uğurları və nizami hərbi hissələrin yaradılması qalib dövlətimizin möhkəm sütunlarını təşkil etdi. Müasir Azərbaycanın qazandığı tarixi Zəfər Heydər Əliyev məktəbinin və onun layiqli davamçısının sarsılmaz strateji dühasının məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə icra olunan Böyük Qayıdış proqramı azad torpaqlarımıza yenidən həyat bəxş edir və qurtuluş salnaməmizi əbədiləşdirir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu