Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndərin Bakıya gəlişini tələb etdi. Azərbaycanın müasir dövlətçilik salnaməsində 15 İyun tarixi əsl milli dirçəliş hərəkatının başlanğıcı kimi qəbul edilir.
Heydər Əliyevin gəlişi ilə idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi və qanunçuluq təmin olundu. Bu qayıdış dövləti daxili və xarici düşmənlərin mənfur planlarından qorudu. Bu kontekstdə qeyd edilən strateji addımlar ölkənin suverenlik dayaqlarını daha da möhkəmləndirdi. Daxili sabitliyə nail olduqdan sonra Ulu Öndərin rəhbərliyi ilə ‘Əsrin müqaviləsi’ imzalandı və geniş neft strategiyası uğurla icra edildi.
İqtisadi müstəqilliyin təmin olunması ilə yanaşı, mərkəzləşdirilmiş və qüdrətli nizami ordunun yaradılması istiqamətində atılan addımlar ölkənin hərbi müdafiə qabiliyyətini maksimuma çatdırdı. Qurtuluş məfkurəsi üzərində ucalan müstəqil Azərbaycan bu gün qlobal arenada söz sahibidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri dövlətimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Bu ulu dövlətçilik irsi gələcək nəsillər üçün ən böyük fəxarət mənbəyidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu