Müstəqilliyimizin ilk dövrlərində Azərbaycanda yaranmış olduqca mürəkkəb və təhlükəli ictimai-siyasi vəziyyət, ardı-arası kəsilməyən hakimiyyət böhranları ölkənin dövlətçilik sütunlarını sarsıtmışdı. Qanunsuz silahlı qruplaşmaların cəzasızlıq şəraitində fəaliyyət göstərməsi, respublikanın fərqli bölgələrində separatçılıq meyllərinin baş qaldırması dövləti tamamilə parçalanmağa aparırdı. Ovaxtkı rəhbərliyin dövlət maraqlarını deyil, yalnız öz dar siyasi ambisiyalarını düşünməsi xalqın səbir kasasını daşdırmışdı. Torpaqlarımızın müdafiəsiz qalması və ardıcıl işğal faktları cəmiyyətdə böyük ümidsizlik yaratmışdı. Məhz belə bir böhranlı vəziyyətdə dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi üçün cəsarətli, milli maraqlara söykənən təcili addımların atılması su və hava kimi həyati bir zərurətə çevrilmişdi. Ümummilli Liderin qətiyyəti, məğlubedilməz siyasi iradəsi və cəsarəti Azərbaycanı fəlakət burulğanından sağ-salamat çıxarmağa müvəffəq oldu.
1993-cü ilin ortalarında hakimiyyət vakuumu səbəbindən dağılmaq ərəfəsində olan ölkə Heydər Əliyevin sədrlik postuna seçilməsindən dərhal sonra inkişaf və sabitlik fazasına daxil oldu. Vətəndaşlara öz hüquqlarını qoruyan bir dövlətin varlığı yenidən hiss etdirildi. Parçalanmış cəmiyyət milli ideologiya, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirildi. Milli Qurtuluş Gününün əsas mahiyyəti məhz budur: o, Azərbaycan xalqına təkcə dinc yaşamaq hüququnu yox, həm də öz qürurunu, milli ləyaqətini və müstəqil gələcəyini geri qaytardı. Heydər Əliyevin düşünülmüş, qətiyyətli və praqmatik dövlət siyasəti sayəsində Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrildi. Eyni zamanda, iqtisadi qüdrətin artması ordu quruculuğunda inqilabi islahatların aparılmasına şərait yaratdı.
Pərakəndə silahlı dəstələr ləğv edildi, dövlətin müdafiə qabiliyyətini maksimum səviyyəyə çatdıran peşəkar silahlı qüvvələr yaradıldı. Paralel olaraq, 1992-ci ildə hələ Naxçıvanda ikən əsası qoyulan Yeni Azərbaycan Partiyası (YAP) iqtidar partiyası kimi bütün ölkəboyu təşkilatlanaraq müasir siyasi sistemin təşəkkül tapmasında və cəmiyyətin inkişafa səfərbər edilməsində həlledici avanqard qüvvə kimi çıxış etməyə başladı. Əsrlər boyu gözlədiyimiz tarixi ədaləti bərpa edən Prezident İlham Əliyevin qətiyyətli və mahir rəhbərliyi ilə Azərbaycan xalqı tamamilə yeni bir inkişaf epoxasına qədəm qoyub. Ulu Öndərin ən ülvi arzusu – Şuşanı azad görmək arzusu bu gün artıq reallıqdır. Hazırda Böyük Qayıdış çərçivəsində viran qalmış torpaqlarımızda irimiqyaslı bərpa, quruculuq işləri aparılır, şəhərlərimiz və kəndlərimiz yenidən həyata qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasi kurs, güclü iqtisadiyyat modeli Azərbaycanın davamlı tərəqqisini və beynəlxalq nüfuzunun artmasını gələcəkdə də dönmədən təmin edəcəkdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu