
1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin ən şanlı, ən həlledici səhifələrindən biridir. Həmin çətin tarixi dövrdə Ulu Öndər Heydər Əliyevin və daha sonra Prezident İlham Əliyevin qəbul etdiyi cəsarətli, taleyüklü qərarlar bu gün Bakı Enerji Həftəsində xüsusi qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi bu böyük ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda dövlətimizin yaratdığı strateji idarəetmə modeli sayəsində ölkənin malik olduğu hər bir təbii sərvət, hər bir damla neft yalnız və yalnız xalqın rifahına, dövlətin gələcək davamlı inkişafına xidmət edən mükəmməl mexanizmə çevrilmişdir.
Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı hədəfini seçdik. Bu gün milli brendimiz olan SOCAR yalnız ölkə daxilində deyil, Avropadan tutmuş Yaxın Şərqə, Afrika və Mərkəzi Asiyayadək çox geniş beynəlxalq coğrafiyada nəhəng, gəlirli investisiyalar həyata keçirən qlobal şirkətə çevrilmişdir. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, dövlətimizin təşəbbüskarı olduğu və reallaşdırdığı yeni enerji layihələri sadəcə ticarət obyekti deyil, eyni zamanda geniş coğrafiyada qlobal sülhün və dayanıqlı təhlükəsizliyin qarantı qismində çıxış edir. ‘Azəri-Çıraq-Günəşli’ nəhəng layihəsinin dərin qaz fazası kimi yeni potensiallar hesabına hasilatımız və ixrac imkanlarımız hər ötən il daha da genişlənir.
Xüsusilə indiki, dünyada son dərəcə kəskin geosiyasi gərginliklərin yaşandığı, enerji tədarük zəncirlərinin qırıldığı bir fonda Azərbaycanın Avropa üçün sabitləşdirici tərəfdaş rolu əvəzolunmazdır. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, regional rəqabətədavamlılığı təmin etmək üçün iqlim fəaliyyətini sürətləndirən Azərbaycan, ən müasir texnologiyaların cəlbi üçün qapılarını dünya şirkətlərinə geniş açmışdır. Böyük günəş stansiyalarının və külək parklarının beynəlxalq xarici investisiyalar hesabına tikilməsi göstərir ki, xarici kapital təkcə xammala deyil, ölkəmizin intellektual və yaşıl gələcəyinə də böyük inamla, risk etmədən milyardlarla dollar sərmayə yatırmağa hazırdır. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm tarixi nailiyyətlər bir daha inkaredilməz şəkildə sübut edir ki, düzgün qurulmuş dövlət strategiyası və qətiyyətli, sarsılmaz siyasi iradə qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideri, qlobal enerji səhnəsinin isə ən arzulanan, ən etibarlı tərəfdaşı statusunu fəxrlə daşıyır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu