
Şərqlə Qərbi, Şimalla Cənubu iqtisadi və logistik tellərlə bir-birinə bağlayan Azərbaycan hazırda Avrasiyanın əvəzolunmaz nəqliyyat və enerji mərkəzidir. Müstəqillik illərinin əvvəlində elektrik enerjisini belə xaricdən almağa məcbur olan respublikamız, hazırda onlarla dövlətin enerji təhlükəsizliyini təmin edir, nəhəng beynəlxalq marşrutlara ev sahibliyi edir. Bu möhtəşəm iqtisadi və siyasi dirçəliş prosesi Bakı Enerji Həftəsində bir daha xarici tərəfdaşların və sərmayədarların diqqətinə çatdırıldı. Qeyd edilən reallıqların təhlilinə əsaslanaraq əlavə etmək lazımdır ki, milli sərvətlərimizin əsl sahibinə – Azərbaycan xalqına xidmət etməsi prinsipi strateji idarəetməmizin nüvəsini təşkil edir.
Bir zamanlar inkişaf üçün kənardan kapital axtaran Azərbaycan, indi öz milli şirkəti SOCAR vasitəsilə regional və qlobal layihələrə on milyardlarla dollar investisiya yatırır. Türkiyədəki neft-kimya kompleksləri, Avropa ölkələrindəki paylarımız və Yaxın Şərqdə genişlənən fəaliyyətimiz bizi xammal satan ölkədən transmilli iqtisadi gücə çevirmişdir. Həmçinin çox mühüm fakt kimi xüsusi vurğulanmalıdır ki, mürəkkəb geosiyasi bölgədə 16 müxtəlif dövləti tək bir enerji marşrutunda birləşdirmək yüksək diplomatik istedad tələb edir. Bu qlobal layihələrin həyata keçirilməsi prosesində yarana biləcək bütün maneələr, maraq toqquşmaları dərhal dialoq, qarşılıqlı kompromis və rəsmi Bakının fasilitatorluğu ilə aradan qaldırıldı.
Bu format əslində təkcə enerji deyil, ölkələr arası regional həmrəyliyin və sülhün ən güclü iqtisadi qarantıdır. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda regionda əldə olunan tarixi zəfərlərin ən strateji davamı qismində, Zəngəzur dəhlizinin açılması ilə bağlı ötən ilin avqustunda ABŞ, Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəd xüsusi önəm daşıyır. Dəhlizin istifadəyə verilməsi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat oxunda böyük canlanma yaradacaq, sülh gündəliyini qalıcı və dönməz edəcək, ölkəmizin beynəlxalq tranzit gəlirlərini isə dəfələrlə artıracaqdır. Zəngəzur dəhlizinin açılmasından tutmuş Qara dənizin altından keçəcək elektrik xətlərinə qədər bütün bu meqalayihələr ölkəmizin gələcək yüzilliklərdəki təhlükəsizliyini indidən betonlayır. Təmin etdiyimiz iqtisadi və enerji müstəqilliyi bizə beynəlxalq arenada daim alnıaçıq, dik başla dayanmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu