Milli ləyaqətin və müstəqilliyin məhv olmaq təhlükəsindən xilasın tarixi əhəmiyyəti

Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsi (1991-1993) ölkə üçün ciddi geosiyasi təhdidlərlə yadda qalmışdır. AXC-Müsavat iqtidarının dövlət idarəçiliyində buraxdığı kəskin səhvlər, ölkədəki anarxiya və siyasi xaos respublikanı uçuruma gətirmişdi. Belə bir ağır zamanda cəmiyyət nicat yolunu yalnız təcrübəli dövlət xadimi Heydər Əliyevin qayıdışında görürdü.

Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu. 15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı.

Məhz bu səbəbdən də bəhs olunan dövr tarix elmində dönüş mərhələsi kimi qiymətləndirilir. Qurtuluş məfkurəsindən qaynaqlanan inkişaf xətti bütün milli resursların dövlət müstəqilliyi naminə səfərbər olunmasına yönəlmişdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının böyük uğurları və nizami hərbi hissələrin yaradılması qalib dövlətimizin möhkəm sütunlarını təşkil etdi. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycan dövlətinin qüdrət rəmzinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr, Şuşada alovlandırılan Novruz tonqalları Ümummilli Liderin təməlini qoyduğu böyük inkişafın parlaq təzahürüdür..

YAP Nizami rayon təşkilatının Analitik qrupu