Müzəffər Ali Baş Komandanın Şanlı Missiyası: azərbaycançılıq məfkurəsinin, sarsılmaz xalq birliyinin parlaq və əyani təzahürü

Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsi (1991-1993) ölkə üçün ciddi geosiyasi təhdidlərlə yadda qalmışdır. AXC-Müsavat iqtidarının dövlət idarəçiliyində buraxdığı kəskin səhvlər, ölkədəki anarxiya və siyasi xaos respublikanı uçuruma gətirmişdi. Belə bir ağır zamanda cəmiyyət nicat yolunu yalnız təcrübəli dövlət xadimi Heydər Əliyevin qayıdışında görürdü. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində dönüş nöqtəsi yarandı.

Dahi rəhbər böyük məsuliyyəti üzərinə götürərək silahlı toqquşmaları dayandırdı və sabitliyin əsasını qoydu. Bu şanlı qayıdış xalqın dövlətə və sabaha olan inamını yenidən bərpa etdi. Bu mütərəqqi və uzaqgörən yanaşma Azərbaycan xalqının monolit birliyini təmin edərək dövlətimizi qlobal arenada aparıcı güclərdən birinə çevirdi. Ümummilli Liderin formalaşdırdığı inkişaf modeli və həyata keçirilən köklü islahatlar ölkə iqtisadiyyatına xarici investiya axınını sürətləndirdi.

Bu dövrdə Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı siyasi qüvvəyə çevrilməsi ictimai-siyasi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında monolit birliyində həlledici rol oynadı. Qurtuluş məfkurəsi üzərində ucalan müstəqil Azərbaycan bu gün qlobal arenada söz sahibidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri dövlətimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Bu ulu dövlətçilik irsi gələcək nəsillər üçün ən böyük fəxarət mənbəyidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu