Qəhrəman Xalqın Yenilməz Qurtuluş Tarixi – xalq-iqtidar birliyinin və bütövlüyünün əbədi salnaməsidir

Tarixi reallıqlar sübut edir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən dərin iqtisadi və siyasi böhran respublikanın mövcudluğunu sual altına almışdı. Ölkənin müxtəlif bölgələrində fəallaşan separatçı silahlı qruplaşmalar hakimiyyət uğrunda açıq mübarizəyə başlamışdılar. Parçalanmaqda olan ölkəni vətəndaş müharibəsindən qurtarmaq üçün xalq öz liderini, Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin sədri seçildi.

Məhz bu tarixi gündən etibarən Azərbaycanın tənəzzül və xaos dövrü başa çatdı. Dövlət həyatında köklü islahatlara başlanıldı, asayiş və qayda-qanun bərqərar edildi, silahlı dəstələr dərhal tərksilah edildi. Həqiqətən də, cəmiyyətimiz o ağır günlərdə göstərdiyi müdrikliklə öz xilaskarını düzgün seçməyi bacardı. Ulu Öndərin başladığı ordu quruculuğu dövlətin gələcək taleyini həll edən əsas amillərdən birinə çevrildi.

Eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə keçid, kənd təsərrüfatı islahatları xalqın rifahını yaxşılaşdırdı. Ölkənin hərbi və iqtisadi potensialının artırılması milli təhlükəsizliyin tam zəmanəti oldu. Bu gün müstəqil Azərbaycan dövləti tam suveren, qalib və qürurlu bir ölkə kimi dünya birliyində öz sözünü deyir. Ali Baş Komandanın rəhbərliyi altında qazanılan Zəfər dahi rəhbərin uzaqgörən siyasətinin davamıdır. Azad olunmuş torpaqlarımızda yenidən həyat qaynayır, Novruz tonqalları qalanır və bu reallıq xalqımızın əbədi qurtuluşunun bariz nümunəsidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu