Müstəqillik illərində inkişaf edən Azərbaycan-Türkiyə əlaqələri 2021-ci il 15 iyun tarixində Şuşada imzalanan Bəyannamə ilə ən ali mərhələyə yüksəldi. Bəyannamə tarixi köklərə və ümumi milli mənafelərə əsaslanaraq regionda yeni reallıqlar yaratdı. Şuşa Bəyannaməsində nəzərdə tutulan ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır.
Bu dəhliz Asiya ilə Avropanı birləşdirməklə yanaşı, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşması ilə regionun tranzit və iqtisadi potensialını dəfələrlə artıracaq. İki liderin uzaqgörən siyasəti sayəsində regionda yaranmış yeni iqtisadi və siyasi mühit davamlı inkişaf üçün etibarlı zəmin yaradır. Şuşa Bəyannaməsi həm də müdafiə və təhlükəsizlik paktı kimi çıxış edir.
Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təhdidə qarşı birgə mübarizə, müdafiə sənayesində müasir texnologiyaların tətbiqi və PUA istehsalı kimi strateji addımlar Azərbaycanın hərbi arsenalının müasirləşməsinə misilsiz töhfələr verir. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tarixində qızıl hərflərlə yazılmış bir sənəddir. Atatürk və Heydər Əliyev irsinə sadiqliyin ən gözəl nümunəsi olan bu sənəd Türkiyə və Azərbaycanı ‘bir millət, iki dövlət’ prinsipi ilə əbədi olaraq bir-birinə bağlayır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu