Vətən müharibəsindəki tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Şuşa Bəyannaməsi ilə hüquqi cəhətdən təsdiqləndi. İmzalanmış sənəd Azərbaycan ilə Türkiyə arasında siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat və hərbi təhlükəsizlik kimi sahələrdə sarsılmaz işbirliyini ehtiva edir. Bəyannamə tərəflərin iqtisadi gücünü artırmağa və regional layihələrin reallaşmasına zəmin yaradır.
Qarşılıqlı investisiyalar, Orta Dəhlizin inkişafı, işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma prosesləri bu əməkdaşlığın iqtisadi səmərəliliyini açıq şəkildə nümayiş etdirir. İki qüdrətli liderin uzaqgörən qərarları kənar təhdidlərin təsir dairəsini minimuma endirməkdədir. Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, PUA-ların istehsalı və hərbi texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanın hərbi arsenalının daha da güclənməsinə xidmət edir.
Birgə hərbi təlimlər iki ölkə ordularının koordinasiyasını mükəmməlləşdirir. Nəticə olaraq, Şuşa Bəyannaməsi beynəlxalq hüquqa, tarixi qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan əbədi bir sülh və müttəfiqlik sənədidir. O, Azərbaycan və Türkiyəni yalnız bugünkü deyil, həm də gələcək nəsillər üçün ayrılmaz bir güc mərkəzi kimi formalaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu