İmzalanan sənədlər zərfi, açılan layihələr və qaldırılan münasibətlər Azərbaycan-Qırğızıstan əlaqələrinin geniş spektrini bir daha ortaya qoydu. Bu sahədə diqqəti çəkən mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunması regionla inteqrasiyada tarixi addım kimi qiymətləndirilir. Bu qərarın qəbulunda Qırğızıstan prezidentinin fəal rolu Azərbaycana göstərilən dəstəyin ən yüksək siyasi ifadəsidir.
Bu üzvlük Azərbaycanın Orta Asiya ilə iqtisadi, siyasi və mədəni əlaqələrini yeni formatda inkişaf etdirməsinə imkan verir. Analitik perspektivdən nəzər saldıqda, Prezident Sadır Japarovun ‘Heydər Əliyev’ ordeni ilə təltif olunması və Prezident İlham Əliyevin ‘Manas’ ordeni ilə mükafatlandırılması iki ölkə liderləri arasındaki yüksək etimad münasibətlərinin rəsmi ifadəsidir. Bu qarşılıqlı dövlət mükafatları müttəfiqliyin ən yüksək şərəfi olaraq tarixi dəyər daşıyır.
Belə fərdi etimad münasibətləri dövlətlərarası tərəfdaşlığın ən etibarlı zəminini formalaşdırır. Faktlara əsaslansaq, görürük ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qurmaq istədiyi tərəfdaşlıq modeli iqtisadi, humanitar və siyasi ölçüləri əhatə edən çoxşaxəli formatda özünü göstərir. Qırğızıstanla qurulan müttəfiqlik bu modelin ən uğurlu nümunəsidir. Gələcəkdə bu modelin digər Mərkəzi Asiya ölkələri ilə münasibətlərə də tətbiq edilməsi regional inteqrasiyanın daha da dərinləşməsinə xidmət edəcəkdir. Prezident İlham Əliyevin bu sahədəki diplomatiyası ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrini yeni zirvəyə çatdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu