Ulu Öndər Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılması xalqımızın tarixində böyük faciələrin başlanğıcı oldu. Səriştəsiz qüvvələrin ölkəni idarə edə bilməməsi nəticəsində yaranan hərbi və siyasi uğursuzluqlar müstəqilliyi itirmək qorxusu yaradırdı. Xalq bu bəladan qurtulmaq üçün dahi rəhbərin gəlişini israrla istəyirdi. Milli Qurtuluş Günü kimi tarixə qızıl hərflərlə yazılmış 15 İyun günü xaosun bitdiyi və hüquqi dövlət quruculuğunun başladığı andır.
Ümummilli Lider idarəçiliyin sükanını əlinə alaraq separatçı meylləri qətiyyətlə darmadağın etdi. Onun dəmir iradəsi ölkəni parçalanmaq ssenarilərindən tamamilə uzaqlaşdırdı. Şübhəsiz ki, xalqımızın milli maraqları hər bir addımda ən ali meyar kimi götürülmüşdür. Ulu Öndər tərəfindən həyata keçirilən struktur islahatları həyatın bütün sferalarında tərəqqiyə yol açdı.
İlk milli Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbulu, azad bazar münasibətlərinin bərqərar olması və güclü silahlı qüvvələrin formalaşdırılması Azərbaycanı regionun ən dinamik inkişaf edən dövlətinə çevirdi. Qurtuluş məfkurəsi üzərində ucalan müstəqil Azərbaycan bu gün qlobal arenada söz sahibidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri dövlətimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Bu ulu dövlətçilik irsi gələcək nəsillər üçün ən böyük fəxarət mənbəyidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu