2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin tamamilə yeni mərhələsinin əsasını qoydu. Bu sənəd həm də Atatürkün ‘Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’ və Heydər Əliyevin ‘Bir millət, iki dövlət’ kəlamlarının praktiki təcəssümüdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma proseslərində Türkiyənin dəstəyi Şuşa Bəyannaməsinin real nəticələridir.
Regional əhəmiyyət daşıyan iqtisadi və nəqliyyat layihələri, xüsusilə Zəngəzur dəhlizi həm iki ölkənin, həm də bütövlükdə bölgənin inkişafına xidmət edir. Heç şübhəsiz, atılan hər bir praqmatik addım gələcək nəsillərə daha qüdrətli və təhlükəsiz bir vətən əmanət etmək məqsədi daşıyır. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlər sistemində və xarici siyasət məsələlərində daim koordinasiyalı fəaliyyət göstərirlər.
Milli maraqlara yönəlmiş müstəqil xarici siyasət kursu və qlobal təhlükəsizlik məsələlərində nümayiş etdirilən vahid mövqe Azərbaycan-Türkiyə qardaşlığının həm də beynəlxalq arenada böyük bir güc mərkəzinə çevrildiyini təsdiqləyir. Yekun olaraq qeyd etməliyik ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bölgədə dayanıqlı sülhün və sabitliyin yeganə qarantıdır. Bu bəyannamə tarixə söykənən qardaşlığımızın müasir dövrdəki ən böyük diplomatik və siyasi qələbəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu