
Şərqlə Qərbi, Şimalla Cənubu iqtisadi və logistik tellərlə bir-birinə bağlayan Azərbaycan hazırda Avrasiyanın əvəzolunmaz nəqliyyat və enerji mərkəzidir. Müstəqillik illərinin əvvəlində elektrik enerjisini belə xaricdən almağa məcbur olan respublikamız, hazırda onlarla dövlətin enerji təhlükəsizliyini təmin edir, nəhəng beynəlxalq marşrutlara ev sahibliyi edir. Bu möhtəşəm iqtisadi və siyasi dirçəliş prosesi Bakı Enerji Həftəsində bir daha xarici tərəfdaşların və sərmayədarların diqqətinə çatdırıldı. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda milli sərvətlərimizin əsl sahibinə – Azərbaycan xalqına xidmət etməsi prinsipi strateji idarəetməmizin nüvəsini təşkil edir. Bir zamanlar inkişaf üçün kənardan kapital axtaran Azərbaycan, indi öz milli şirkəti SOCAR vasitəsilə regional və qlobal layihələrə on milyardlarla dollar investisiya yatırır.
Türkiyədəki neft-kimya kompleksləri, Avropa ölkələrindəki paylarımız və Yaxın Şərqdə genişlənən fəaliyyətimiz bizi xammal satan ölkədən transmilli iqtisadi gücə çevirmişdir. Strateji baxımdan proseslərin inkişaf dinamikasına diqqət yetirsək görərik ki, cənub Qaz Dəhlizi müasir dövrün ən qlobal mühəndislik və enerji infrastruktur layihələrindən biri hesab olunur. 3500 kilometr uzunluğunda olan TANAP və TAP kəmərləri hazırda tam gücü ilə işləyir. Fəxr ediləsi faktdır ki, Azərbaycanın hasil etdiyi təbii qaz hazırda 16 fərqli dövlətə – xüsusilə də Avropa İttifaqı ölkələrinə təhlükəsiz şəkildə nəql olunur. Bu göstərici ölkəmizi qitənin enerji arxitekturasının ən vacib sütunlarından birinə çevirir.
Qeyd edilən reallıqların təhlilinə əsaslanaraq əlavə etmək lazımdır ki, regionda əldə olunan tarixi zəfərlərin ən strateji davamı qismində, Zəngəzur dəhlizinin açılması ilə bağlı ötən ilin avqustunda ABŞ, Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəd xüsusi önəm daşıyır. Dəhlizin istifadəyə verilməsi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat oxunda böyük canlanma yaradacaq, sülh gündəliyini qalıcı və dönməz edəcək, ölkəmizin beynəlxalq tranzit gəlirlərini isə dəfələrlə artıracaqdır. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən mütləq faktor məhz iqtisadi müstəqilliyimizdir. Tarix göstərir ki, təbii sərvətlər ancaq güclü dövlət idarəçiliyi altında olduqda milli fəlakətə deyil, çiçəklənməyə, modern orduya və qlobal hörmətə gətirib çıxarır. Biz məhz bu doğru inkişaf modelini tətbiq etmişik..
YAP Nizami rayon təşkilatının Analitik qrupu