Sovet imperiyasının dağılması ərəfəsində və ondan dərhal sonra Azərbaycan xalqı böyük çətinliklərlə üzləşdi. 1991-1993-cü illərdəki hakimiyyət böhranı və daxili silahlı qruplaşmaların hakimiyyət iddiaları nəticəsində dövlət tamamilə idarəolunmaz vəziyyətə düşmüşdü. Belə mürəkkəb bir şəraitdə milli birliyi təmin edib, dövləti xilas edə biləcək yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Vətənin səsinə səs verən dahi dövlət xadimi 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdaraq Azərbaycanı fəlakətlərdən xilas etdi.
Qurtuluş günü olan 15 İyun tarixi sadəcə hakimiyyət dəyişikliyi deyil, milli qürur və ləyaqətin xilas edilməsidir. Bütün qanunsuz dəstələr ləğv olundu və müstəqil dövlət quruculuğu prosesinə start verildi. Bu qətiyyətli addımlar siyasi müstəvidə yaranmış düyünləri açdı və hüquqi dövlət strukturunu sarsılmaz dərəcədə gücləndirdi. Xarici siyasətdəki uğurlar ölkənin beynəlxalq aləmdə öz yerini tapmasına səbəb oldu.
Məhz 1993-cü ildən başlayan bu fundamental fəaliyyətlər hesabına demokratik institutların inkişafı, ilk konstitusiyanın qəbulu və yeni iqtisadi modelin formalaşdırılması ölkəmizi regionun şəksiz lideri etdi. Milli Qurtuluş günündə qurulan sarsılmaz təməllər xalqımızı Qələbəyə apardı. Prezident İlham Əliyevin siyasi iradəsi və ordumuzun gücü nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. İndi azad olunmuş əzəli torpaqlarımızda böyük infrastruktur layihələri həyata keçirilir və şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır ki, Azərbaycan tam bütövdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu