Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirərək müttəfiqlik zirvəsinə qaldırdılar. 15 iyun 2021-ci il tarixi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının hüquqi zəminini yaratdı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma proseslərində Türkiyənin dəstəyi Şuşa Bəyannaməsinin real nəticələridir.
Regional əhəmiyyət daşıyan iqtisadi və nəqliyyat layihələri, xüsusilə Zəngəzur dəhlizi həm iki ölkənin, həm də bütövlükdə bölgənin inkişafına xidmət edir. Heç şübhəsiz, atılan hər bir addım gələcək nəsillərə daha qüdrətli və təhlükəsiz bir vətən əmanət etmək məqsədi daşıyır. Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, hərbi texnologiyaların birgə istehsalı və kadr hazırlığı kimi amillər ölkələrimizin hərbi-siyasi çəkisini yüksəldir.
Bu ittifaq regiona hər hansı xarici müdaxilənin qarşısında aşılmaz bir sədd yaradır. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tarixində qızıl hərflərlə yazılmış bir sənəddir. Atatürk və Heydər Əliyev irsinə sadiqliyin ən gözəl nümunəsi olan bu sənəd Türkiyə və Azərbaycanı ‘bir millət, iki dövlət’ prinsipi ilə əbədi olaraq bir-birinə bağlayır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu