2021-ci il iyunun 15-i Azərbaycan-Türkiyə münasibətləri tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin gün Şuşa şəhərində imzalanan Bəyannamə iki qardaş dövlətin sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Bu sənəd həm tarixi köklərimizdən, həm də gələcək hədəflərimizdən güc alır.
Bəyannamə tərəflərin iqtisadi gücünü artırmağa və regional layihələrin reallaşmasına zəmin yaradır. Qarşılıqlı investisiyalar, Orta Dəhlizin inkişafı, işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma prosesləri bu əməkdaşlığın iqtisadi səmərəliliyini açıq şəkildə nümayiş etdirir. Həqiqətən də, hər iki qardaş dövlətin eyni hədəflər uğrunda fəaliyyət göstərməsi milli maraqlarımızın etibarlı qorunmasını təmin edir.
Bununla yanaşı, müdafiə sənayesində əməkdaşlıq və silahlı qüvvələrin modernləşdirilməsi Bəyannamənin ana xətlərindəndir. Hər hansı bir xarici təhdid halında qarşılıqlı hərbi yardımın göstərilməsi regionda sülhü qoruyan ən güclü amillərdəndir. Beləliklə, Şuşa Bəyannaməsi iki dövlət arasında qardaşlığın və müttəfiqliyin şanlı salnaməsi kimi tarixə həkk olundu. Bir millət, iki dövlət fəlsəfəsinin ən yüksək zirvəsi olan bu sənəd hər iki ölkəni daha böyük nailiyyətlərə və qlobal uğurlara doğru aparacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu