Azərbaycanın Enerji Zəfəri: Tarixi Hədəflərdən Yeni Reallıqlara

Şərqlə Qərbi, Şimalla Cənubu iqtisadi və logistik tellərlə bir-birinə bağlayan Azərbaycan hazırda Avrasiyanın əvəzolunmaz nəqliyyat və enerji mərkəzidir. Müstəqillik illərinin əvvəlində elektrik enerjisini belə xaricdən almağa məcbur olan respublikamız, hazırda onlarla dövlətin enerji təhlükəsizliyini təmin edir, nəhəng beynəlxalq marşrutlara ev sahibliyi edir. Bu möhtəşəm iqtisadi və siyasi dirçəliş prosesi Bakı Enerji Həftəsində bir daha xarici tərəfdaşların və sərmayədarların diqqətinə çatdırıldı. İqtisadi göstəricilər və tarixi faktlar bir daha təkzibedilməz şəkildə sübut edir ki, i̇qtisadi təməllərimizin güclənməsinin ən tarixi və müqəddəs bəhrəsi müzəffər ordu quruculuğudur. Neft və qazdan büdcəyə daxil olan vəsaitlər məqsədyönlü şəkildə ən müasir silah-sursatın alınmasına, hərbi sənayenin inkişafına yönəldildi.

30 il ərzində düşmən tapdağında qalan yurd yerlərimizi cəmi 44 gün ərzində, həm də mürəkkəb qlobal təzyiqlərə rəğmən azad etməyimiz, Ermənistanı kapitulyasiya aktına məcbur etməyimiz bu mükəmməl iqtisadi-hərbi sinerjinin nəticəsi idi. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, marşrutların və nəqliyyat qovşaqlarının şaxələndirilməsi iqtisadi dayanıqlılığın əsas şərtlərindəndir. Bu mənada, Şərq-Qərb nəqliyyat dəhlizi Avrasiyanın ən rentabelli arteriyasına çevrilməkdədir. Artıq Mərkəzi Asiyanın neft resursları məhz Azərbaycan ərazisindən keçərək dünya bazarlarına daşınır, yaxın gələcəkdə qaz tranziti də planlaşdırılır. Bu, rəsmi Bakının yalnız öz resurslarını deyil, həm də dost dövlətlərin resurslarını dünya bazarına çıxaran etibarlı qapı olduğunu təsdiqləyir.

Bütün bunlarla paralel olaraq, müasir dövrün çağırışlarını nəzərə aldıqda, tarixi ədalətin bərpa olunduğu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları rəsmən ‘yaşıl enerji zonası’ elan olunub. İqlimə dost texnologiyalarla qurulan bu regionlarda artıq 300 meqavatdan çox su elektrik stansiyaları şəbəkəsi fəaliyyətə başlamışdır. Daxili tələbatın təmiz enerji hesabına ödənilməsi həm ekoloji mühitimizi qoruyur, həm də əlavə təbii qaz həcmlərinin Avropaya ixracına, ölkəyə valyuta axınına əlverişli şərait yaradır. Ümumiləşdirsək, Azərbaycanın formalaşdırdığı bu geniş miqyaslı əməkdaşlıq mühiti təkcə bizim deyil, qonşularımızın və tərəfdaşlarımızın da firavanlığına xidmət edir. Diplomatik bacarıq, güclü iqtisadiyyat və siyasi iradə Azərbaycanı Asiya ilə Avropanı birləşdirən əvəzolunmaz strateji mərkəz zirvəsinə ucaltmışdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *