
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində, ölkənin üzləşdiyi dərin siyasi və iqtisadi böhran şəraitində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi situasiyalara rəğmən, dövlətimiz xarici müdaxilələrə qətiyyətlə sinə gərmiş və yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun əsas mərkəzlərindən biridir.
Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, ölkəmizə daxil olan neft və qaz gəlirlərinin son dərəcə şəffaf, hesabatlı və düzgün şəkildə idarə olunması beynəlxalq aləmdə bir çox resurs ölkələri üçün etalon nümunə kimi təqdim edilir. Dövlət Neft Fondu (ARDNF) vasitəsilə toplanan, qorunan və artırılan vəsaitlər həm bugünkü nəslin cari iqtisadi ehtiyaclarına, quruculuq işlərinə, həm də gələcək nəsillərin iqtisadi təminatına xidmət edir. Bu makroiqtisadi balanslaşdırma və rasional yanaşma dövlətimizin sabitliyinin, sosial sülhünün ən mühüm qarantı qismində çıxış edir. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, uğurla fəaliyyət göstərən Cənub Qaz Dəhlizi təkcə enerji deyil, həm də mədəniyyətlərin, iqtisadiyyatların və fərqli sivilizasiyaların bir-birinə yaxınlaşması, inteqrasiyası deməkdir.
Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara və iqtisadi sistemlərə malik dövlətlər ortaq maraqlar, qarşılıqlı hörmət və Azərbaycanın yaratdığı etibarlı platforma ətrafında birləşərək hamı üçün qazanclı olan möhtəşəm nəticələr əldə edə bilərlər. Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, ölkəmizin enerji təhlükəsizliyi sahəsində apardığı siyasətin və qurduğu strategiyanın əsas ali hədəfi – çoxşaxəli regional əməkdaşlığı ardıcıl olaraq beynəlxalq sülh prosesinə dərindən inteqrasiya etməkdir. Bizim zəngin yeraltı resurslarımız heç zaman kiməsə qarşı şantaj və ya siyasi təzyiq vasitəsi olmamış, əksinə, davamlı inkişaf platforması kimi tərəqqiyə xidmət etmişdir. Dövlətimizin yürütdüyü bu uzaqgörən, humanist və hesablanmış xarici siyasət kursu bütövlükdə Avrasiya üçün çox mühüm siyasi-iqtisadi sığorta mexanizmidir. Müstəqil Azərbaycanın son onilliklərdə keçdiyi möhtəşəm, bənzəri olmayan transformasiya yolu indiki və gələcək nəsillər üçün olduqca böyük bir fəxr, qürur mənbəyidir. Dərin böhrandan və dağıntılardan qurtularaq, qısa müddətdə qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək tarixdə hər bir dövlətə nəsib olmayan nadir, çox böyük bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu