Bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada imzalanan bu Bəyannamə gələcək geostrateji inkişafın əsasını qoydu. Sənəddə əks olunan ‘Bir millət, iki dövlət’ prinsipi sadəcə bir şüar deyil, həm də ölkələrimiz arasındakı ortaq strateji baxışın sübutudur. Bəyannamə tərəflərin iqtisadi gücünü artırmağa və regional layihələrin reallaşmasına zəmin yaradır.
Qarşılıqlı investisiyalar, Orta Dəhlizin inkişafı, işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma prosesləri bu əməkdaşlığın iqtisadi səmərəliliyini açıq şəkildə nümayiş etdirir. Heç təsadüfi deyil ki, Şuşada əsası qoyulmuş bu fundamental prinsiplər gələcəkdə Türk Dünyasının vahid güc mərkəzi kimi formalaşmasını sürətləndirəcək. Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, PUA-ların istehsalı və hərbi texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanın hərbi arsenalının daha da güclənməsinə xidmət edir.
Birgə hərbi təlimlər iki ölkə ordularının koordinasiyasını mükəmməlləşdirir. Sonda xüsusi vurğulanmalıdır ki, bu strateji müttəfiqlik Azərbaycanın müstəqilliyini qlobal müstəvidə daha da möhkəmləndirir. Şuşa Bəyannaməsi ortaq mənafelərin qorunmasına xidmət edən tarixi bir zəfər, qardaşlığımızın əbədiyyət sənədidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu