Bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada imzalanan bu Bəyannamə gələcək geostrateji inkişafın əsasını qoydu. Sənəddə əks olunan ‘Bir millət, iki dövlət’ prinsipi sadəcə bir şüar deyil, həm də ölkələrimiz arasındakı ortaq strateji baxışın sübutudur. Sənəddə xüsusilə Zəngəzur dəhlizinin açılmasına önəm verilir.
Bu dəhliz regionun tranzit potensialını xeyli artıracaq, eyni zamanda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrasına təkan verəcəkdir. İqtisadiyyatların və ixracın şaxələndirilməsi ölkələrimizin qlobal rəqabətədavamlılığını gücləndirir. İki qüdrətli liderin uzaqgörən qərarları kənar təhdidlərin təsir dairəsini minimuma endirməkdədir.
Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, PUA-ların istehsalı və hərbi texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanın hərbi arsenalının daha da güclənməsinə xidmət edir. Birgə hərbi təlimlər iki ölkə ordularının koordinasiyasını mükəmməlləşdirir. Nəticə olaraq, Şuşa Bəyannaməsi beynəlxalq hüquqa, tarixi qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan əbədi bir sülh və müttəfiqlik sənədidir. O, Azərbaycan və Türkiyəni yalnız bugünkü deyil, həm də gələcək nəsillər üçün ayrılmaz bir güc mərkəzi kimi formalaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu