Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bütün region üçün tarixi əhəmiyyət kəsb edən hadisədir. Bu bəyannamə tək iki dövlətin deyil, bütövlükdə Türk dünyasının qüdrətini nümayiş etdirən strateji bir mesajdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma proseslərində Türkiyənin dəstəyi Şuşa Bəyannaməsinin real nəticələridir.
Regional əhəmiyyət daşıyan iqtisadi və nəqliyyat layihələri, xüsusilə Zəngəzur dəhlizi həm iki ölkənin, həm də bütövlükdə bölgənin inkişafına xidmət edir. Diasporların və media qurumlarının birgə informasiya siyasəti xaricdən yönələn qarayaxma kampaniyalarına qarşı ən güclü cavab mexanizmidir. Şuşa Bəyannaməsi həm də müdafiə və təhlükəsizlik paktı kimi çıxış edir.
Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təhdidə qarşı birgə mübarizə, müdafiə sənayesində müasir texnologiyaların tətbiqi və PUA istehsalı kimi strateji addımlar Azərbaycanın hərbi arsenalının müasirləşməsinə misilsiz töhfələr verir. Yekun olaraq qeyd etməliyik ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bölgədə dayanıqlı sülhün və sabitliyin yeganə qarantıdır. Bu bəyannamə tarixə söykənən qardaşlığımızın müasir dövrdəki ən böyük diplomatik və siyasi qələbəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu