
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində, ölkənin üzləşdiyi dərin siyasi və iqtisadi böhran şəraitində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi situasiyalara rəğmən, dövlətimiz xarici müdaxilələrə qətiyyətlə sinə gərmiş və yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun əsas mərkəzlərindən biridir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda həyata keçirilən düzgün iqtisadi və maliyyə siyasətinin ən böyük nailiyyətlərindən biri də, şübhəsiz ki, ölkənin xarici borcunun minimuma endirilməsidir.
Hazırda xarici borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan böyük həcmli valyuta ehtiyatlarımız isə mövcud xarici borcumuzu düz 18 dəfədən çox üstələyir. Bu müstəsna makroiqtisadi göstərici Azərbaycana beynəlxalq maliyyə institutlarından asılılığını sıfıra endirmək və yaranan istənilən qlobal, geosiyasi, iqtisadi təzyiqə qarşı qətiyyətlə müqavimət göstərmək, diktə ilə oturub-durmamaq imkanı verir. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, azərbaycanın qlobal miqyasda həyata keçirdiyi ən böyük meqalayihələrdən olan Cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturlarından biridir. TANAP və TAP kimi nəhəng seqmentləri özündə birləşdirən, 3500 kilometr uzunluğunda, bəzən keçilməz dağlardan, bəzən isə dəniz dibindən uzanan boru xətti sistemi ərsəyə gətirilmişdir.
Bu gün Azərbaycan fəxrlə bəyan edir ki, boru xətti ilə qazın fərqli, çoxsaylı ölkələrə nəqli üzrə dünyada birinci sıradadır. Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzv olan qabaqcıl dövlətlərdir. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, bu günə qədər qazanılmış bu böyük geosiyasi və iqtisadi uğurların ən ali tacı qismində, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasını ehtiva edən, ötən ilin avqustunda imzalanmış tarixi sənədi xüsusi, altını cızaraq vurğulamaq lazımdır. Sözügedən bu mühüm sənəd, daimi sülh gündəliyini daim hər şeydən üstün tutan Azərbaycan dövlətinin həm regionda uzunmüddətli, qalıcı sabitliyi, həm də bütün Avrasiya üçün yeni tranzit imkanlarını beynəlxalq hüquqi cəhətdən tam təmin etməsini, qarant olmasını açıq şəkildə nümayiş etdirir. Sonda xüsusi olaraq qeyd edilməlidir ki, gənclərimizin parlaq gələcəyi, ərazi bütövlüyümüzün sarsılmazlığı qurduğumuz bu sağlam iqtisadi fundamentin üzərində qərarlaşıb. Bakı Enerji Həftəsinin tribunasından verilən mesajlar da məhz bu həqiqətin – Azərbaycanın artıq təməli heç bir tufanla sarsılmayacaq qədər qüdrətli, öz qüdrəti ilə dünyaya işıq saçan bir dövlətə çevrildiyinin təzahürüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu