
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində, ölkənin üzləşdiyi dərin siyasi və iqtisadi böhran şəraitində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi situasiyalara rəğmən, dövlətimiz xarici müdaxilələrə qətiyyətlə sinə gərmiş və yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun əsas mərkəzlərindən biridir.
Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, ölkəmizə daxil olan neft və qaz gəlirlərinin son dərəcə şəffaf, hesabatlı və düzgün şəkildə idarə olunması beynəlxalq aləmdə bir çox resurs ölkələri üçün etalon nümunə kimi təqdim edilir. Dövlət Neft Fondu (ARDNF) vasitəsilə toplanan, qorunan və artırılan vəsaitlər həm bugünkü nəslin cari iqtisadi ehtiyaclarına, quruculuq işlərinə, həm də gələcək nəsillərin iqtisadi təminatına xidmət edir. Bu makroiqtisadi balanslaşdırma və rasional yanaşma dövlətimizin sabitliyinin, sosial sülhünün ən mühüm qarantı qismində çıxış edir. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, həyata keçirilən strategiya sadəcə enerji resurslarının ixracından ibarət deyil, həm də nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində atılan misilsiz addımları əhatə edir.
Qitələri birləşdirən Şərq-Qərb dəhlizinin genişləndirilməsi region ölkələrinin hamısı üçün xüsusi, həyati əhəmiyyət kəsb edir. Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan zəngin neft və qaz ehtiyatlarının Avropa bazarlarına, qlobal alıcılara çatdırılmasında ən etibarlı, təhlükəsiz və əsas tranzit dövlət kimi şərəfli vəzifəni yerinə yetirir. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır. Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Ermənistan üzərində qazanılan Zəfərdən sonra aktuallaşan Zəngəzur dəhlizindən tutmuş Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki, bəlkə də əsrlərdəki rolunu indidən dəqiq müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada, yüksək tribunalarda həlledici söz sahibi olmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu