
Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz iqtisadi resursları insan kapitalına və yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda dövlətimizin idarəetmə modeli sayəsində malik olduğumuz hər bir təbii sərvət xalqın rifahına xidmət edir. Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı olduq.
Bu gün SOCAR çox geniş beynəlxalq coğrafiyada nəhəng investisiyalar həyata keçirir. Digər tərəfdən, cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturudur. TANAP və TAP kimi seqmentləri özündə birləşdirən 3500 kilometrlik sistem ərsəyə gətirilib. Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzvdür.
Eyni zamanda qeyd olunmalıdır ki, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellər, Qarabağın cənnətə çevrilməsi geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirir. Sonda xüsusi olaraq qeyd edilməlidir ki, gənclərimizin parlaq gələcəyi və ərazi bütövlüyümüz qurduğumuz bu sağlam iqtisadi fundamentin üzərində qərarlaşıb. Bakı Enerji Həftəsindəki mesajlar da məhz bu həqiqətin təzahürüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu