
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Bakı Enerji Həftəsi, xalqımızın sarsılmaz iradəsinin və möhtəşəm iqtisadi sıçrayışının təcəssümüdür. Bu qlobal platforma Azərbaycanın beynəlxalq arenada nə qədər güclü, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu təsdiqləyir. Tədbir çərçivəsində əldə edilən yeni razılaşmalar dövlətimizin uzaqgörən siyasətinin davamlılığını sığortalayır. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı.
Təzyiqləri qulaqardına vuraraq, milli maraqlara əsaslanan proqram icra etdik. Bunun nəticəsi kimi reytinq agentlikləri bizi ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edir. Milli inkişaf tempimizin davamlılığı baxımından, cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturudur. TANAP və TAP kimi seqmentləri özündə birləşdirən 3500 kilometrlik sistem ərsəyə gətirilib.
Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzvdür. Eyni zamanda qeyd olunmalıdır ki, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu