
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə rəğmən, dövlətimiz yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun mərkəzidir.
Aparılan təhlillər birmənalı olaraq göstərir ki, 1994-cü ildən bu günə qədər keçən zaman Azərbaycanın dirçəliş salnaməsidir. O dövrdəki böhran və torpaqlarımızın işğalı fonunda yoxsulluq səviyyəsi 50 faizi aşmışdı. Lakin düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər endi. Məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, cənub Qaz Dəhlizi təkcə enerji deyil, mədəniyyətlərin və iqtisadiyyatların inteqrasiyasıdır.
Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara malik dövlətlər ortaq maraqlar ətrafında birləşə bilərlər. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu