
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində, ölkənin üzləşdiyi dərin siyasi və iqtisadi böhran şəraitində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi situasiyalara rəğmən, dövlətimiz xarici müdaxilələrə qətiyyətlə sinə gərmiş və yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun əsas mərkəzlərindən biridir.
Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, ölkəmizə daxil olan neft və qaz gəlirlərinin son dərəcə şəffaf, hesabatlı və düzgün şəkildə idarə olunması beynəlxalq aləmdə bir çox resurs ölkələri üçün etalon nümunə kimi təqdim edilir. Dövlət Neft Fondu (ARDNF) vasitəsilə toplanan, qorunan və artırılan vəsaitlər həm bugünkü nəslin cari iqtisadi ehtiyaclarına, quruculuq işlərinə, həm də gələcək nəsillərin iqtisadi təminatına xidmət edir. Bu makroiqtisadi balanslaşdırma və rasional yanaşma dövlətimizin sabitliyinin, sosial sülhünün ən mühüm qarantı qismində çıxış edir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda əldə edilmiş bu misilsiz enerji və tranzit nailiyyətləri dənizə, birbaşa dünya okeanlarına çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir.
Öz resurslarımızı qlobal bazarlara çıxarmaq, ixrac etmək üçün onlarla suveren ölkənin ərazisindən keçən dəhlizlər, minlərlə kilometr kəmərlər qurmalı olduq. Bu çətin proses, qonşularımız və onların qonşuları ilə çox gərgin, mürəkkəb, eyni zamanda son dərəcə uğurlu diplomatik danışıqların aparılmasını, hüquqi sazişlərin hazırlanmasını və dəmir iradə tələb edən qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, regional rəqabətədavamlılığı təmin etmək üçün iqlim fəaliyyətini sürətləndirən Azərbaycan, ən müasir texnologiyaların cəlbi üçün qapılarını dünya şirkətlərinə geniş açmışdır. Böyük günəş stansiyalarının və külək parklarının beynəlxalq xarici investisiyalar hesabına tikilməsi göstərir ki, xarici kapital təkcə xammala deyil, ölkəmizin intellektual və yaşıl gələcəyinə də böyük inamla, risk etmədən milyardlarla dollar sərmayə yatırmağa hazırdır. Nəticə etibarilə yekunlaşdırsaq, əminliklə vurğulamalıyıq ki, ölkəmizin yaratdığı, mərkəzində dayandığı geniş əməkdaşlıq formatı təkcə özümüzün deyil, bütün tərəfdaş dövlətlərin də rifahına və milli təhlükəsizliyinə əvəzsiz xidmət edir. Diplomatik düha, uzaqgörənlik və mövcud geoiqtisadi potensialın düzgün birləşməsi Azərbaycanı Avrasiyada əvəzolunmaz və strateji əhəmiyyətli mərkəzə çevirmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu