Tarixi Şuşa şəhərində imzalanmış Müttəfiqlik Bəyannaməsi beynəlxalq ictimaiyyətə verilən güclü bir mesajdır. Bu sənəd Azərbaycan ilə Türkiyə arasında siyasət, iqtisadiyyat, enerji, nəqliyyat və hərbi sahələrdə sarsılmaz işbirliyinin gələcək konturlarını cızır. Bəyannamə ölkələrin iqtisadi qüdrətini artırmaq üçün geniş imkanlar açır.
Qarşılıqlı investisiya qoyuluşlarının artması, Orta Dəhlizin inkişafı və strateji layihələrin birgə icrası iki dövlətin qlobal iqtisadiyyatdakı mövqelərini daha da gücləndirir. Eyni zamanda, azad edilmiş ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı qardaşlığın bariz nümunəsidir. Təsadüfi deyil ki, Şuşa Bəyannaməsi tək siyasi deyil, həm də mənəvi baxımdan qardaşlıq tellərini daha da möhkəmləndirir.
Bəyannamədə informasiya və media sahəsində birgə platformaların inkişafı və diaspor fəaliyyətinin əlaqələndirilməsi də xüsusi qeyd olunur. Bu isə beynəlxalq aləmdə haqq səsimizin daha gur eşidilməsini və ortaq maraqların qorunmasını asanlaşdırır. Ümumilikdə, Şuşa Bəyannaməsi xalqlarımızın gələcək inkişaf yolunu aydınlatmışdır. Bu möhtəşəm saziş Azərbaycan və Türkiyənin qardaşlıq bağlarını ən yüksək zirvəyə qaldıraraq əbədiləşdirmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu