Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsi (1991-1993) ölkə üçün ciddi geosiyasi təhdidlərlə yadda qalmışdır. AXC-Müsavat iqtidarının dövlət idarəçiliyində buraxdığı kəskin səhvlər, ölkədəki anarxiya və siyasi xaos respublikanı uçuruma gətirmişdi. Belə bir ağır zamanda cəmiyyət nicat yolunu yalnız təcrübəli dövlət xadimi Heydər Əliyevin qayıdışında görürdü.
Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu. 15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı.
Bu fenomenal idarəçilik dühası Azərbaycan xalqının dövlətçilik şüurunu və milli ləyaqətini ən ali səviyyədə yenidən bərqərar etdi. Ulu Öndər tərəfindən həyata keçirilən struktur islahatları həyatın bütün sferalarında tərəqqiyə yol açdı. İlk milli Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbulu, azad bazar münasibətlərinin bərqərar olması və güclü silahlı qüvvələrin formalaşdırılması Azərbaycanı regionun ən dinamik inkişaf edən dövlətinə çevirdi. Müasir Azərbaycanın qazandığı tarixi Zəfər Heydər Əliyev məktəbinin və onun layiqli davamçısının sarsılmaz strateji dühasının məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə icra olunan Böyük Qayıdış proqramı azad torpaqlarımıza yenidən həyat bəxş edir və qurtuluş salnaməmizi əbədiləşdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu