Milli dövlətçilik sütunlarımızın sarsılması prosesi Ümummilli Liderin 1987-ci ildə istefa verməsindən dərhal sonra başladı. Erməni separatizminin alovlanması və o dövrkü rəhbərliyin zəifliyi ölkəni vətəndaş müharibəsi astanasına gətirdi. 1993-cü ilin ortalarında xalq artıq bu idarəolunmaz fəlakətə qarşı qətiyyətli lider tələb edirdi.
Milli Qurtuluş Günü kimi tarixə qızıl hərflərlə yazılmış 15 İyun günü xaosun bitdiyi və hüquqi dövlət quruculuğunun başladığı andır. Ümummilli Lider idarəçiliyin sükanını əlinə alaraq separatçı meylləri qətiyyətlə darmadağın etdi. Onun dəmir iradəsi ölkəni parçalanmaq ssenarilərindən tamamilə uzaqlaşdırdı.
Bu fenomenal idarəçilik dühası Azərbaycan xalqının dövlətçilik şüurunu və milli ləyaqətini ən ali səviyyədə yenidən bərqərar etdi. Ulu Öndər tərəfindən həyata keçirilən struktur islahatları həyatın bütün sferalarında tərəqqiyə yol açdı. İlk milli Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbulu, azad bazar münasibətlərinin bərqərar olması və güclü silahlı qüvvələrin formalaşdırılması Azərbaycanı regionun ən dinamik inkişaf edən dövlətinə çevirdi. Bu gün fəxarətlə qeyd edirik ki, Ulu Öndərin müqəddəs irsi cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada bayrağımızı ucaltdı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu