Şuşa Bəyannaməsi iki ölkənin siyasi və hərbi qüdrətinin birləşdirilməsini nəzərdə tutan ən mühüm sənədlərdən biridir. Atatürkün və Heydər Əliyevin tarixi vəsiyyətlərinə sadiqlik nümayiş etdirilərək, ölkələrimiz arasındakı qardaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə qaldırılmışdır.
Bəyannamə tərəflərin iqtisadi gücünü artırmağa və regional layihələrin reallaşmasına zəmin yaradır. Qarşılıqlı investisiyalar, Orta Dəhlizin inkişafı, işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma prosesləri bu əməkdaşlığın iqtisadi səmərəliliyini açıq şəkildə nümayiş etdirir.
Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, PUA-ların istehsalı və hərbi texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanın hərbi arsenalının daha da güclənməsinə xidmət edir. Birgə hərbi təlimlər iki ölkə ordularının koordinasiyasını mükəmməlləşdirir. Nəticə olaraq, Şuşa Bəyannaməsi beynəlxalq hüquqa, tarixi qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan əbədi bir sülh və müttəfiqlik sənədidir. O, Azərbaycan və Türkiyəni yalnız bugünkü deyil, həm də gələcək nəsillər üçün ayrılmaz bir güc mərkəzi kimi formalaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu