Əbədi Yaşar Dövlət Xadiminin Siyasi İrsi: iqtisadi müstəqilliyin dönməz, sarsılmaz əsaslarının böyük tarixi uğuru

Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişini tələb etdi.

Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu. 15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı.

Bu dahi dövlətçilik yanaşması xalqın daxili gücünü vahid bir ideologiya – azərbaycançılıq məfkurəsi ətrafında monolit şəkildə birləşdirdi. Daxili sabitliyə nail olduqdan sonra Ulu Öndərin rəhbərliyi ilə ‘Əsrin müqaviləsi’ imzalandı və geniş neft strategiyası uğurla icra edildi. İqtisadi müstəqilliyin təmin olunması ilə yanaşı, mərkəzləşdirilmiş və qüdrətli nizami ordunun yaradılması istiqamətində atılan addımlar ölkənin hərbi müdafiə qabiliyyətini maksimuma çatdırdı. Bu gün fəxarətlə qeyd edirik ki, Ulu Öndərin müqəddəs irsi cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada bayrağımızı ucaltdı..

YAP Nizami rayon təşkilatının Analitik qrupu