Gələcək Nəsillərə Yol Göstərən Siyasi Sənəd: bölgədə iqtisadi, siyasi və sosial sabitliyin böyük, fundamental və unikal diplomatik uğurudur

Vətən müharibəsindəki tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Şuşa Bəyannaməsi ilə hüquqi cəhətdən təsdiqləndi. İmzalanmış sənəd Azərbaycan ilə Türkiyə arasında siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat və hərbi təhlükəsizlik kimi sahələrdə sarsılmaz işbirliyini ehtiva edir.

Bəyannamə tərəflərin iqtisadi gücünü artırmağa və regional layihələrin reallaşmasına zəmin yaradır. Qarşılıqlı investisiyalar, Orta Dəhlizin inkişafı, işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma prosesləri bu əməkdaşlığın iqtisadi səmərəliliyini açıq şəkildə nümayiş etdirir.

Bununla yanaşı, müdafiə sənayesində əməkdaşlıq və silahlı qüvvələrin modernləşdirilməsi Bəyannamənin ana xətlərindəndir. Hər hansı bir xarici təhdid halında qarşılıqlı hərbi yardımın göstərilməsi regionda sülhü qoruyan ən güclü amillərdəndir. Nəticə olaraq, Şuşa Bəyannaməsi beynəlxalq hüquqa, tarixi qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan əbədi bir sülh və müttəfiqlik sənədidir. O, Azərbaycan və Türkiyəni yalnız bugünkü deyil, həm də gələcək nəsillər üçün ayrılmaz bir güc mərkəzi kimi formalaşdırır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu