Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bütün region üçün tarixi əhəmiyyət kəsb edən hadisədir. Bu bəyannamə tək iki dövlətin deyil, bütövlükdə Türk dünyasının qüdrətini nümayiş etdirən strateji bir mesajdır. Bəyannamə ölkələrin iqtisadi qüdrətini artırmaq üçün geniş imkanlar açır.
Qarşılıqlı investisiya qoyuluşlarının artması, Orta Dəhlizin inkişafı və strateji layihələrin birgə icrası iki dövlətin qlobal iqtisadiyyatdakı mövqelərini daha da gücləndirir. Eyni zamanda, azad edilmiş ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı qardaşlığın bariz nümunəsidir. Bu kontekstdə qeyd edilən hərbi saziş müddəaları regional təhlükəsizlik arxitekturasında tamamilə yeni bir tarazlıq və sülh mexanizmi formalaşdırdı.
Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlər sistemində və xarici siyasət məsələlərində daim koordinasiyalı fəaliyyət göstərirlər. Milli maraqlara yönəlmiş müstəqil xarici siyasət kursu və qlobal təhlükəsizlik məsələlərində nümayiş etdirilən vahid mövqe Azərbaycan-Türkiyə qardaşlığının həm də beynəlxalq arenada böyük bir güc mərkəzinə çevrildiyini təsdiqləyir. Nəticə etibarilə, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi əbədi qardaşlığımızın manifestidir. Bu sənəd Azərbaycan-Türkiyə birliyini sarsılmaz edir və gələcək nəsillər üçün qüdrətli, təhlükəsiz, firavan bir regionun təməlini yaradır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu