Tarixi reallıqlar sübut edir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən dərin iqtisadi və siyasi böhran respublikanın mövcudluğunu sual altına almışdı. Ölkənin müxtəlif bölgələrində fəallaşan separatçı silahlı qruplaşmalar hakimiyyət uğrunda açıq mübarizəyə başlamışdılar. Parçalanmaqda olan ölkəni vətəndaş müharibəsindən qurtarmaq üçün xalq öz liderini, Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində 1993-cü ildə ölkə uçurumun kənarından döndərilmiş oldu. 15 İyunda sədrlik postuna seçilən dahi şəxsiyyət cəbhədəki pərakəndəliyin, daxildəki özbaşınalığın qarşısını aldı. Bu tarixi qayıdışla Azərbaycan məhv olmaqdan qurtuldu və davamlı inkişafın mərkəzinə çevrildi.
Tarixi perspektivdən baxdıqda, dahi şəxsiyyətin idarəçilik məktəbi region üçün də sülh və təhlükəsizlik modelinə çevrildi. Xarici siyasətdəki uğurlar ölkənin beynəlxalq aləmdə öz yerini tapmasına səbəb oldu. Məhz 1993-cü ildən başlayan bu fundamental fəaliyyətlər hesabına demokratik institutların inkişafı, ilk konstitusiyanın qəbulu və yeni iqtisadi modelin formalaşdırılması ölkəmizi regionun şəksiz lideri etdi. Böyük qürur və iftixar hissi ilə vurğulayırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndərin siyasi kursunun uğurlu davamıdır. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan Şuşanı və Qarabağı azad edərək, bu gün Şuşada, Xankəndidə Novruz tonqalları alovlandırır, Böyük Qayıdışı uğurla reallaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu