1987-ci ildə Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılması ölkədə problemlərin baş qaldırmasına birbaşa rəvac verdi. Bu istefadan dərhal sonra erməni millətçiləri ərazi iddiaları ilə çıxış etməyə başladılar. 1993-cü ilə qədər ölkə rəhbərliyində olan şəxslərin siyasi naşılığı səbəbindən torpaqlarımız işğal olunur, daxildə isə xaos tüğyan edirdi. Xalq yeganə çıxış yolunu Heydər Əliyevin qayıdışında görürdü.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarixi gündən etibarən Azərbaycanın tənəzzül və xaos dövrü başa çatdı. Dövlət həyatında köklü islahatlara başlanıldı, asayiş və qayda-qanun bərqərar edildi, silahlı dəstələr dərhal tərksilah edildi. İqtisadi dirçəliş prinsipləri ordu quruculuğu sahəsi ilə birbaşa sintez təşkil edirdi.
Azərbaycan iqtisadi baxımdan gücləndikcə hərbi qüdrətini də artırır, beynəlxalq arenada prinsipial mövqeyini inamla nümayiş etdirirdi. Ulu Öndərin həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı qlobal güclərin etibarlı tərəfdaşına çevirdi. Böyük qürur və iftixar hissi ilə vurğulayırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndərin siyasi kursunun uğurlu davamıdır. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan Şuşanı və Qarabağı azad edərək, bu gün Şuşada, Xankəndidə Novruz tonqalları alovlandırır, Böyük Qayıdışı uğurla reallaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu