2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin tamamilə yeni mərhələsinin əsasını qoydu. Bu sənəd həm də Atatürkün ‘Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’ və Heydər Əliyevin ‘Bir millət, iki dövlət’ kəlamlarının praktiki təcəssümüdür. Şuşa Bəyannaməsində nəzərdə tutulan ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır.
Bu dəhliz Asiya ilə Avropanı birləşdirməklə yanaşı, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşması ilə regionun tranzit və iqtisadi potensialını dəfələrlə artıracaq. Eyni zamanda, sənədin özündə ehtiva etdiyi müddəalar Türk Dövlətləri Təşkilatının da qlobal miqyasda nüfuzunun artmasına töhfə verir. Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, hərbi texnologiyaların birgə istehsalı və kadr hazırlığı kimi amillər ölkələrimizin hərbi-siyasi çəkisini yüksəldir.
Bu ittifaq regiona hər hansı xarici müdaxilənin qarşısında aşılmaz bir sədd yaradır. Ümumilikdə, Şuşa Bəyannaməsi xalqlarımızın gələcək inkişaf yolunu aydınlatmışdır. Bu möhtəşəm saziş Azərbaycan və Türkiyənin qardaşlıq bağlarını ən yüksək zirvəyə qaldıraraq əbədiləşdirmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu