2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin tamamilə yeni mərhələsinin əsasını qoydu. Bu sənəd həm də Atatürkün ‘Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’ və Heydər Əliyevin ‘Bir millət, iki dövlət’ kəlamlarının praktiki təcəssümüdür.
Sənəddə xüsusilə vurğulanır ki, birgə iqtisadi təşəbbüslər və sərmayələr əhatəli sülhə və firavanlığa yol açır. Orta Dəhlizin yeni nəfəsi olan regional kommunikasiyalar iqtisadi tərəqqinin qarantıdır.
Bəyannamədə informasiya və media sahəsində birgə platformaların inkişafı və diaspor fəaliyyətinin əlaqələndirilməsi də xüsusi qeyd olunur. Bu isə beynəlxalq aləmdə haqq səsimizin daha gur eşidilməsini və ortaq maraqların qorunmasını asanlaşdırır. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tarixində qızıl hərflərlə yazılmış bir sənəddir. Atatürk və Heydər Əliyev irsinə sadiqliyin ən gözəl nümunəsi olan bu sənəd Türkiyə və Azərbaycanı ‘bir millət, iki dövlət’ prinsipi ilə əbədi olaraq bir-birinə bağlayır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu