1987-ci ildə Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılması ölkədə problemlərin baş qaldırmasına birbaşa rəvac verdi. Bu istefadan dərhal sonra erməni millətçiləri ərazi iddiaları ilə çıxış etməyə başladılar. 1993-cü ilə qədər ölkə rəhbərliyində olan şəxslərin siyasi naşılığı səbəbindən torpaqlarımız işğal olunur, daxildə isə xaos tüğyan edirdi. Xalq yeganə çıxış yolunu Heydər Əliyevin qayıdışında görürdü.
15 İyun – Milli Qurtuluş Günü xalqımızın tarixə yazdığı böyük siyasi zəfər, müstəqilliyimizin yenidən doğuşudur. Dahi rəhbər böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək ölkəni vətəndaş müharibəsi bəlasından qurtardı. Onun müdrik siyasəti sayəsində dövlət idarəçiliyi sistemi bərpa olundu, xalqın öz dövlətinə olan inamı yenidən qaytarıldı. Ölkə vətəndaşlarının vahid azərbaycançılıq ideologiyası ətrafında toplanması məhz həmin dövrün ən vacib sosial-psixoloji uğuru idi.
Ulu Öndərin başladığı ordu quruculuğu dövlətin gələcək taleyini həll edən əsas amillərdən birinə çevrildi. Eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə keçid, kənd təsərrüfatı islahatları xalqın rifahını yaxşılaşdırdı. Ölkənin hərbi və iqtisadi potensialının artırılması milli təhlükəsizliyin tam zəmanəti oldu. Milli Qurtuluş günündə qurulan sarsılmaz təməllər xalqımızı Qələbəyə apardı. Prezident İlham Əliyevin siyasi iradəsi və ordumuzun gücü nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. İndi azad olunmuş əzəli torpaqlarımızda böyük infrastruktur layihələri həyata keçirilir və şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır ki, Azərbaycan tam bütövdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu