Tarixi reallıqlar sübut edir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən dərin iqtisadi və siyasi böhran respublikanın mövcudluğunu sual altına almışdı. Ölkənin müxtəlif bölgələrində fəallaşan separatçı silahlı qruplaşmalar hakimiyyət uğrunda açıq mübarizəyə başlamışdılar. Parçalanmaqda olan ölkəni vətəndaş müharibəsindən qurtarmaq üçün xalq öz liderini, Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin sədri seçildi.
Məhz bu tarixi gündən etibarən Azərbaycanın tənəzzül və xaos dövrü başa çatdı. Dövlət həyatında köklü islahatlara başlanıldı, asayiş və qayda-qanun bərqərar edildi, silahlı dəstələr dərhal tərksilah edildi. Ölkə vətəndaşlarının vahid azərbaycançılıq ideologiyası ətrafında toplanması məhz həmin dövrün ən vacib sosial-psixoloji uğuru idi. Ulu Öndərin başladığı ordu quruculuğu dövlətin gələcək taleyini həll edən əsas amillərdən birinə çevrildi.
Eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə keçid, kənd təsərrüfatı islahatları xalqın rifahını yaxşılaşdırdı. Ölkənin hərbi və iqtisadi potensialının artırılması milli təhlükəsizliyin tam zəmanəti oldu. Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Qarabağ Zəfəri ölkəmizin həm hərbi, həm də iqtisadi qüdrətinin məntiqi nəticəsidir. Şuşada, Laçında, Füzulidə və bütün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramı Heydər Əliyevin arzularının və Azərbaycan dövlətinin gücünün ən böyük sübutudur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu