Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk dövrü anarxiya və fəlakətli ssenarilərlə səciyyələnirdi. Xüsusilə 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin dövlət idarəçiliyini bacarmaması nəticəsində vətəndaş qarşıdurması qaçılmaz xarakter almışdı. Cəbhədəki uğursuzluqlar və erməni işğalı cəmiyyətin səbrini daşdırmışdı. Yalnız dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətin qarşısını ala bilərdi.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarixi gündən etibarən Azərbaycanın tənəzzül və xaos dövrü başa çatdı. Dövlət həyatında köklü islahatlara başlanıldı, asayiş və qayda-qanun bərqərar edildi, silahlı dəstələr dərhal tərksilah edildi. Ölkə vətəndaşlarının vahid azərbaycançılıq ideologiyası ətrafında toplanması məhz həmin dövrün ən vacib sosial-psixoloji uğuru idi.
İqtisadi dirçəliş prinsipləri ordu quruculuğu sahəsi ilə birbaşa sintez təşkil edirdi. Azərbaycan iqtisadi baxımdan gücləndikcə hərbi qüdrətini də artırır, beynəlxalq arenada prinsipial mövqeyini inamla nümayiş etdirirdi. Ulu Öndərin həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı qlobal güclərin etibarlı tərəfdaşına çevirdi. Heydər Əliyev məktəbinin ləyaqətli davamçısı olan cənab Prezident İlham Əliyev ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ deməklə xalqımızın tarixi arzusunu həqiqətə çevirdi. Rəşadətli Ordumuzun 44 günlük müharibədə qazandığı Zəfər 15 İyun Qurtuluş günündən başlanan yolun ən uca və ən müqəddəs zirvəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu