Müstəqillik tariximizin ilkin illəri respublikamız üçün çox ağır sınaqlar və kəskin siyasi böhranla yadda qaldı. 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin istefa verməsi ilə xalqımızın faciələri başladı. AXC-Müsavat iqtidarının yürütdüyü yarıtmaz və səriştəsiz siyasət, eyni zamanda ölkədəki anarxiya, xaos dövlətimizi iflas həddinə çatdırmışdı. Azərbaycan belə bir vəziyyətdə yalnız bir xilaskara, tarixi şəxsiyyət Heydər Əliyevə ehtiyac duyurdu.
Vətənin səsinə səs verən dahi dövlət xadimi 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdaraq Azərbaycanı fəlakətlərdən xilas etdi. Qurtuluş günü olan 15 İyun tarixi sadəcə hakimiyyət dəyişikliyi deyil, milli qürur və ləyaqətin xilas edilməsidir. Bütün qanunsuz dəstələr ləğv olundu və müstəqil dövlət quruculuğu prosesinə start verildi. Ölkə vətəndaşlarının vahid azərbaycançılıq ideologiyası ətrafında toplanması məhz həmin dövrün ən vacib sosial-psixoloji uğuru idi.
Sabitlik yarandıqdan dərhal sonra iqtisadi islahatlara start verildi. ‘Əsrin müqaviləsi’nin imzalanması ilə neft strategiyası uğurla işə salındı, ölkənin iqtisadi müstəqilliyi təmin edildi. Eyni zamanda, vahid komandanlığa tabe olan qüdrətli və nizami ordunun formalaşdırılması prosesi həyata keçirildi. Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Qarabağ Zəfəri ölkəmizin həm hərbi, həm də iqtisadi qüdrətinin məntiqi nəticəsidir. Şuşada, Laçında, Füzulidə və bütün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramı Heydər Əliyevin arzularının və Azərbaycan dövlətinin gücünün ən böyük sübutudur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu